Elektrokardioqrafiya (EKQ) ürəyin işinin diaqnostik qiymətləndirmə üsullarından biridir. Exokardioqrafiya ürəyin ultrasəs dalğaları vasitəsi ilə müayinə metodudur. Elektrokardioqrafiya vasitəsilə ürək döyüntüsü qeydə alınır və kardioloq tərəfindən dəyərləndirilir.

Prosedur üçün əvvəlcədən xüsusi hazırlıq görülmür. EKQ edilərkən xəstənin üzərində heç bir metal əşya olmamalıdır. EKQ zamanı elektrodlardan istifadə edilir. EKQ tam ağrısız prosedurdur. EKQ çəkilərkən xəstə tərpənməməli və danışmamalıdır. EKQ 5 dəqiqə müddətində icra edilir.

Bu müayinə həm pasiyentin hər hansı bir şikayəti olarsa, həm də profilaktik baxış məqsədi ilə, heç bir şikayət olmasa belə icra edilə bilər.

Ürək-damar sistemi xəstəlikləri

Taxikardiya – bəzən müxtəlif emosiyaların təsiri kimi sağlam şəxslərdə də ola bilər. Ürək nayihəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.

Təngnəfəslik – karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindəndir. Xəstəyə münasib vəziyyətdə oturmağa kömək edilir, oksigen verilir. Bəzən başgicəllənməsi, baş ağrısı, huşun itirilməsi və zəiflik müşahidə olunur.

Ürəyin işemik xəstəlikləri  – qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.

Stenokardiya – tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda müşahidə olunur. Əsas əlaməti ürək və ya döşarxası nayihələrdə tutmaşəkilli ağrı və onun sol qola, kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata qədər davam etməsidir (yarım saatdan sonra miokarda infarktına keçir). Ağrı qan dövranının pozularaq miokarda qanın az gəlməsi ilə izah olunur, adətən fiziki və psixi gərginlikdən sonra başlayır. Xəstəliyin ilkin mərhələlərində tutmalar az-az, daha sonra isə hər gün müşahidə olunur. Belə hallarda xəstəyə fiziki və psixi rahat olması üçün münbit şərait yaratmaq lazımdır.

Miokard infarktı – tac damarlarından birinin çox daralması, trombla tutulması nəticəsində ürək əzələsinin müəyyən nahiyəsinin nekrozudur (ölməsidir). Adətən, tac arteriyalarının aterosklerozu, hipertoniya xəstəliyi və s. miokard  infarktına gətirib çıxarır. Şiddətli həyəcan təsirindən də infarkt baş verə bilər. Əksər hallarda 40-60 yaşlı, bəzən isə cavanlarda da xəstəlik müşahidə olunur. Miokard infarktının əsas əlaməti döş sümüyünün arxasında, ürək nayihəsində stenokardiyaya xas 20-30 dəqiqə, bəzən bir saat davam edən şiddətli, dözülməz ağrıdır. Ağrı qəflətən, bəzən huşun itməsi ilə meydana çıxır, sağ qabırğa altında, qarnın üst hissəsində olur. Ağrılar sol qola, çiyinə və boyuna vurur. Nitroqliserin kömək etmir.Bəzən tutma ürək astması tutması ilə başlayır. Bu zaman xəstə oturaq və ya yarımoturaq vəziyət almağa məcbur olur. Bu formada ölüm faizi çox olur.Temperatur tutmadan 2 gün sonra yüksəlib 38-38.5 dərəcəyə çatır. Leykositoz olur, EÇS artır. Bədən yapışqan tərlə örtülür, boz rəng alır. Nəbz kiçik,  tezləşmiş olur. Arterial təzyiq azalır, ağciyərlərdə yaş xırıltılar eşidilir, boğulma baş verir. Bəzi xəstələrdə miokard infarktı ağrısız, ürək-damar çatışmazlığı şəklində keçir. Diaqnoz elektrokardioqramın köməyilə qoyulur.

Ürək astması – kəskin ürək çatışmazlığından biridir. O, boğulma tutmaları ilə izah olunur.Hipertoniya, kəskin diffuz nefrit, miokard infarktı olan və yaşı 50-ni keçmiş kişilər daha çox xəstəliyə meyllidirlər.Xəstəliyin  səbəblərindən  biri  sol mədəciyin işinin kəskin çatışmaması, yaxud tənəffüs, qan dövranı və sinir sisteminin vəziyyətində baş verən dəyişikliklərdir. Boğulma tutmaları xəstəni oturaq vəziyyətə məcbur edir. Xəstə narahat olur, tənəffüzü tezləşir, səthiləşir və çətinləşir, sianoz baş verir, yapışqanaoxşar tər əmələ gəlir. Bir neçə dəqiqədən bir neçə saatadək bu vəziyyət davam edir.Sonra ürəyin işi tezləşir,qan təzyiqi artır, müalicə olunmazsa, ölümlə nəticələnər.

EKQ üçün göstərişlər:

  • Ürək yığılmalarının sayının müəyyən edilməsi
  • Kəskin və xroniki miokard zədələnmələri
  • Kalium, kalsium, maqnezium və s. elektrolit mübadiləsi pozulmaları
  • Ürəkdaxili ötürücülüyün pozulmasının aşkar edilməsi
  • Ürək işemik xəstəlikləri
  • Ürəyin sol və sağ  hissəsinin hipertrofiyası
  • Dispanserizasiyadan keçərkən