Bitki və heyvanat mənşəli qidaların tərkibində karbohidratların olması onların dəyərliliyini artıran amillərdən biridir. Karbohidratlar insan orqanizminə gündəlik lazım olan enerjinin demək olar ki, yarısını təmin edirlər. Onlar orqanizmdə əsasən enerji mənbəyi kimi istifadə olunurlar. Mürəkkəb karbohidratlar (mürəkkəb şəkərlər, polisaxaridlər) həzm proseslərində sadə şəkərlərə (monosaxaridlərə) qədər parçalandıqdan sonra orqanizm tərəfindən mənimsənilirlər. İnsan orqanizmi özünə lazım olan bəzi mürəkkəb şəkərləri sintez edir. Karbohidratlardan orqanizmdə tikinti materialı kimi də istifadə edilir. Bu maddələr və onların zülal və yağ molekulları ilə birləşmələri bir çox hüceyrə və toxumaların tərkibinə daxildirlər. İnsanda bəsit şəkərlər qlükoza və qlikogen (heyvani nişasta) kimi qaraciyərdə və əzələlərdə ehtiyat şəklində saxlanan mürəkkəb şəkərə çevrilə bilər. Normal halda, qanda daim qlükoza olur. Qanda qlükozanın səviyyəsinin nisbi sabitliyinin daim qorunub saxlanması şəkər mübadiləsinin mühüm göstəricilərindən biridir.
Müasir dövrdə insanların qidasında şəkərin normadan artıq olması hallarına tez-tez rast gəlinir. Bu son nəticə stabilliyə təsir edərək, bədəndə bəzi mübadilə pozğunluqlarına, o cümlədən normadan artıq piylənməyə gətirib çıxara bilər. İnsanın qidalanmasında karbohidratların əsas mənbəyi bitki məhsullarıdır. Heyvanat mənşəli karbohidratlar çox azdır, laktoza və qlikogen kimi maddələr bu tip karbohidratlara misal ola bilər. Orqanizmdə karbohidrat və yağ mübadilələri çox sıx qarşılıqlı təsirlərə malikdirlər. Hər qram karbohidratın orqanizmdə oksidləşməsi (yanması) nəticəsində verdiyi enerji 4,0 kkaloriyə bərabərdir. Kaloriliyinə görə 1 q zülal və 1 q karbohidrat eyni əhəmiyyət`ə malikdir, lakin şəkər insanda enerji mübadiləsinin ən mütəhərrik komponentidir.
Kimyəvi quruluşuna və mənimsənilmə dərəcəsinə görə karbohidratları sadə və mürəkkəb şəkərlərə ayırmaq olar. Sadə şəkərlər (mono- və disaxaridlər) suda və sulu məhlullarda yaxşı həll olunur, asanlıqla sorulur və mənimsənilirlər. Qidalanmada sadə şəkərlərdən qlükoza və fruktoza daha böyük əhəmiyyət kəsb edir.
Saxaroza yaxşı qida keyfıyyətlərinə və yüksək kaloriliyə malik olan karbohidratdır. Amma onun mənfı cəhətləri də vardır, belə ki, onu artıq miqdarda qəbul etdikdə, insanın gündəlik qida rasionu üçün nəzərdə tutulan kalorinin xeyli artmasına səbəb olur. Bu da fıziki əməklə məşğul olmayan və ya az məşğul olan, habelə yaşlı adamlar üçün arzuolunmazdır. Bu həm də piylənməyə səbəb olur. İnsanın qidasında saxarozanın əsas mənbəyi şəkər qamışı və şəkər çuğundurundan alınan şəkərdir. Bunlar bişirildikdən sonra, saxarozanın (məişətdə işlədilən şəkər tozu, qənd) alınması və əhalinin bu karbohidrata olan tələbatı ödənilir. Xeyli dərəcədə faydalı şəkərlərdən olan laktoza süd şəkəridir və ancaq süddə tapılır. Onun şirinliyi bir o qədər yüksək deyil. Laktozanın orqanizmdə həzmi zəif gedir. Onu adətən körpə və ahıl yaşlarında olanlara tövsiyə edirlər.